Çox qəribə görünsə də, Azərbaycan dilçiliyinin sovet dövründə əldə
edilmiş sürətli inkişaf tempi son illərdə aşağı düşmüşdür və
bu sahədə bir durğunluq müşahidə olunur. Azərbaycanda nitq mədəniyyəti
məsələlərinin tədqiqinə və nizamlanmasına kəskin ehtiyac duyulur. Azərbaycan
dilinin tətbiq dairəsi bəzən süni olaraq məhdudlaşdırılır. Rəsmi
və elmi üslubun vəziyyəti heç də ürəkaçan deyildir. Azərbaycan dilinin
orfoqrafik, izahlı, terminoloji və sair lüğətlərinin yenidən latın qrafikası
ilə hazırlanıb çap olunması, ikidilli tərcümə lüğətlərinin tərtibi
və nəşri məsələləri yubadılır. Latın qrafikasının bərpa edilməsi
barədə qanun qəbul edilməsindən on ilə yaxın bir müddət keçməsinə
baxmayaraq, onun həyata keçirilməsi olduqca ləng gedir. Bütün bu və digər
məsələlərin əlaqələndirilməsi və tənzimlənməsinin, onların həlli
prosesinə nəzarətin vahid mərkəzləşdirilmiş bir qurum tərəfindən
həyata keçirilməsinə ehtiyac vardır.
Azərbaycanın dövlət müstəqilliyinin başlıca rəmzlərindən sayılan
Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısının
artırılması, ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması,
dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsi və bu işə
nəzarətin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət Dil Komissiyası
yaradılsın. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın
ki, Komissiya haqqında Əsasnaməni bir ay ərzində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın
ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanun layihəsini
bir ay ərzində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin.

|